Ötən il Azərbaycanda vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və yaxud idarəetməyə verilməsindən daxilolmalar proqnozla müqayisədə az olub, 2019-cu illə müqayisədə artım isə əvvəlki illər üzrə hesablanmış vəsaitlərin büdcəyə daxilolması ilə bağlı olub.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
Vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və yaxud idarəetməyə verilməsindən daxilolmalar büdcə gəlirləri təsnifatının “Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər” köməkçi bölməsinin “Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar” paraqrafında verilərək 2020-ci ildə nəzərdə tutulmuş 35 000 min manata qarşı dövlət büdcəsinə 20 513 min manat məbləğində vəsait daxil olub ki, bu da proqnoz göstəricidən 14 487 min manat və yaxud 41,4% azdır, 2019-cu ilin icra göstəricisindən (1 124,1 min manat) 19 388,9 min manat və yaxud 18,2 dəfə çox, 2018-ci ilin icra göstəricisindən (83 065 min manat) isə 62 552 min manat və yaxud 4 dəfə azdır.
Qeyd olunan mənbə üzrə hesabat ilində daxilolmaların həcminin əhəmiyyətli dərəcədə artımı əvvəlki illər üzrə hesablanmış vəsaitlərin büdcəyə daxilolması ilə əlaqələndirmək olar.
01.01.2021-ci il tarixə isə sərbəst qalığın məbləği 1 526,1 milyon manat təşkil edib. Qeyd olunan məbləğin 876,7 milyon manatı xəzinənin cari və valyuta hesab qalıqlarında, 649, 322 milyon manatı isə yerləşdirilmiş və idarəetmədə olan vəsaitlərdən ibarət olub (640,9 milyon manat Dövlət Neft Fondunda yerləşdirilmiş vəsait, 8,422 milyon manat “Azər-Türk Bank” ASC-də yerləşdirilmiş vəsait).
Vahid xəzinə hesabının qalığının 2020-ci ildə 816,1 milyon manat ekvivalentində azalması hesabat ilinin sonuna vahid xəzinə hesabının qalığının 1 526,1 milyon manat təşkil etməsinə şərait yaradıb.
Qalıq məbləğinin azalmasının əsas səbəbi kimi büdcə kəsirinin maliyyələşməsinə Vahid xəzinə hesabının qalığından 589 milyon manat vəsait ayrılmasını, Vergi Məcəlləsinin 22-1.-ci (Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar) madəsinin 3-cü yarımmadəsinə əsasən 150 milyon manat vəsait Dövlət Vergi Xidmətinə, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında ölkə prezidentinin Fərmanına əsasən isə 51,9 milyon manat vəsaitin yerli icra hakimiyyəti orqanlarına ayrılmısını qeyd etmək olar.
Sərbəst qalıq vəsaitinin 377 milyon ABŞ dolları Dövlət Neft Fondunda idarəetmə və yerləşdirmədə, 8,4 milyon manatı isə Azər-Türk Bankda 5 il müddətinə depozitə yerləşdirilib. Digər qalıq vəsaitlər isə xəzinənin bank hesablarının qalığında cəmləşib.
Müstəqil kredit sərəncamlarının vəsaitləri isə 01.01.2021 tarixinə 3 095,7 milyon manat təşkil edib ki, bunun da 258,9 milyon manatı depozit və tapşırıq vəsaitlərin qalığından, 466,4 milyon manatı ƏDV depozit hesabının qalığından, 1 974,0 milyon manatı Təminat Fondu hesabının qalığından, 309,3 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabının qalığından və 87,1 milyon manatı digər mənbələrdən ibarət olub.
Əvvəlki illərdə olduğu kimi hesabat ilindədə aylıq və rüblük təqdim edilən hesabat məlumatlarını nəzərə alaraq qeyd etmək olar ki, hesabat ili ərzində sərbəst qalıq vəsaitlərindən büdcə ili ərzində ssuda verilməsi və geri qaytarılması müşahidə olunub, depozitə yerləşdirilmə zamanı mövcud bazar prinsipləri nəzərə alınmayıb. Bütün bunlar isə, öz növbəsində, mövcud qaydaların dövlət büdcəsinə əlavə gəlir gətirmək məqsədinin təmin edilməsi istiqamətinin təkmilləşdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi zərurətinin olduğunu qeyd etmək imkanı verir.
Ümumilikdə dövlət büdcəsinin gəlir və xərclərinin icra səviyyəsi, həmçinin vahid xəzinə hesabının qalığından müvafiq qanunvericilik aktları ilə vəsait ayırmalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə məxsus sərbəst qalıq vəsaitlərinin azalmasına səbəb olub.
Sərbəst qalıq vəsaitlərinin azalmasına təsir edən səbəblərdən biri də büdcədən bir sıra dövlət müəssisələrinə və publik hüquqi şəxslərə ayrılmış vəsaitlərin bir hissəsinin tam icra edilməyərək uzun müddət onların bank hesablarında qalmasına şərait yaradıb ki, bu isə öz növbəsində büdcə üçün əlavə resurs mənbəyinə ehtiyacın artmasını şərtləndirməklə sərbəst qalıq vəsaitindən istifadənin həcminin artmasına təsirsiz ötüşməyib.