Maliyyə naziri: “Ötən il büdcənin cari xərclərinin 90 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb”
- 27 may, 2025
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dövlət büdcəsi çərçivəsində icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90 % və ya 19,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir bunun önəmli məsələ olduğunu vurğulayıb: “Gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2024-cü ildə bu göstəricimiz 90 % olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 %-nin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq”.