Maliyyə naziri beynəlxalq ictimaiyyətə erməni təcavüzü barədə məlumat verib

Maliyyə naziri beynəlxalq ictimaiyyətə erməni təcavüzü barədə məlumat verib Oktyabrın 15-də maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə Rəhbəri Samir Şərifov IMF və Dünya Bankının İllik Toplantıları çərçivəsində videokonfrans formatında təşkil olunmuş Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupu
Maliyyə
16 Oktyabr , 2020 15:19
Maliyyə naziri beynəlxalq ictimaiyyətə erməni təcavüzü barədə məlumat verib
Samir Şərifov

Oktyabrın 15-də maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə Rəhbəri Samir Şərifov Fondun və Dünya Bankının İllik Toplantıları çərçivəsində videokonfrans formatında təşkil olunmuş Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupunun iclasında iştirak edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Azərbaycanla yanaşı, sözügedən qrupa daxil olan İsveçrə, Polşa, Serbiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın, həmçinin IMF və Dünya Bankının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda COVID-19 pandemiyasının qlobal iqtisadiyyatda, ələlxüsus üzv ölkələrin iqtisadiyyatlarında yaratdığı problemlər və bu problemlərin həlli istiqamətində IMF və Dünya Bankı tərəfindən həyata keçirilmiş dəstək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə pandemiyanın neqativ təsirlərinin azaldılması və bərpa prosesinin sürətləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

İclasda çıxış edən S.Şərifov Qrupa daxil olan ölkələrin, IMF və Dünya Bankının nümayəndələrini sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı həyata keçirilən genişmiqyaslı hərbi təcavüzün hazırki pandemiya şəraitində müharibəyə səbəb olduğunu qeyd edən nazir bildirib ki, mənfur hücum nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələri intensiv olaraq iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından, ballistik raketlərdən atəşə tutulması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. O, xüsusi vurğulayıb ki, dayanıqlı sülhün əldə edilməsi üçün 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Qeyd edilib ki, yalnız bu əsaslar üzərində regionda dayanıqlı və davamlı sülh bərqərar olunacaq, Azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, Azərbaycan xalqı ilə erməni xalqının Dağlıq Qarabağda birgə yaşaması üçün şərait yaradılacaq.

Maliyyə naziri həmçinin IMF və Dünya Bankı tərəfindən üzv ölkələrə pandemiyanın mənfi təsirlərinin qarşısının alınmasında göstərilən operativ və adekvat dəstəyi təqdir edib, onun qlobal iqtisadi böhranla mübarizəyə töhfə verəcəyinə əminliyini ifadə edib. S.Şərifov ölkəmizin IMF və Dünya Bankı ilə əməkdaşlığını uğurla davam etdirdiyini bildirərək hər iki qurum tərəfindən həyata keçirilən texniki dəstək proqramlarının fiskal və monetar siyasət çərçivələrinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi