Lombardların nəzarətə götürülməsi bazara nə verəcək?

Lombardların nəzarətə götürülməsi bazara nə verəcək? Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilməsi, bu sahənin lisenziyalaşdırılması, Azərbaycan Mərkəzi Bankına (AMB) lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi gözlənilir.
Maliyyə
17 Yanvar , 2023 16:50
Lombardların nəzarətə götürülməsi bazara nə verəcək?

Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilməsi, bu sahənin lisenziyalaşdırılması, Azərbaycan Mərkəzi Bankına (AMB) lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi gözlənilir.

Bəs lombardların nəzarətə götürülməsi bazara nə verəcək? "Report" bu məsələ ilə bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.

"Problemlərin kökündə tənzimləyici qurumun olmaması dayanır"

Onlardan biri Rəşad Həsənov deyir ki, Azərbaycanda lombardlarla bağlı problemlərin kökündə bu sahə üçün tənzimləyici qurumun olmaması dayanır: "Lombard xidməti göstərmək istəyən şəxslər hamı kimi VÖEN alıb fəaliyyətə başlaya bilir. Onların öhdəliklərini yerinə yetirməsinə nəzarət edən, bu sahədə mümkün riskləri məhdudlaşdıran konkret qurum, konkret mexanizm yoxdur. “Lombardlar haqqında” yeni qanun qəbul edilərsə, bu istiqamətdə bir sıra boşluqlar aradan qalxacaq. İlk növbədə lombardlar qəbul etdikləri girovları müəyyən edilmiş tələblərə uyğun olaraq banklarda saxlamalı, öhdəliklərinə uyğun ehtiyatlar yaratmalı olacaqlar. Onların AMB-də hesabları olacaq, tənzimləyici quruma rüblük, yarım illik, illik hesabatlar verəcəklər. Nəticədə lombard müştərilərinin hüquqlarının qorunmasına təminat verən bir model, hüquqi çərçivə formalaşacaq".

Onun sözlərinə görə, hazırda lombardlar nəzarət mexanizmlərinin olmamasından istifadə edərək müxtəlif qanun pozuntularına yol verir, xaotik vəziyyət yaradır: "Onlar vətəndaşların aktivlərini, yəni, qızıl-zinyət əşyalarını girov götürəndə çox aşağı qiymətləndirir, bəzən müştərilərin xəbəri olmadan onları pula çevirir, ölkəni tərk edir və izlərini itirirlər. Bir sözlə, lombard sahibləri heç də həmişə vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirmirlər. Bu baxımdan yeni tənzimlənmədə kənar qiymətləndiricinin prosesə daxil edilməsi nəzərdə tutulur. Aktivlərin dəyərinə nisbətən minimum borcun müəyyən edilməsi planlaşdırılır. Bu da vətəndaşların aktivlərinin dəyərsizləşdirilməsinin, dövriyyədən kənarda saxlanılmasının qarşısını ala bilər”.

"Lombardlar banklar və BOKT-lar kimi lisenziya almalı olacaq"

Digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə deyir ki, “Lombardlar haqqında” yeni qanuna əsasən, bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər banklar və bank olmayan kredit təşkilatları (BOKT) kimi AMB-dən lisenziya almalı olacaqlar. Onun sözlərinə görə, hazırda Azərbaycandakı lombardlar klassik modelə uyğun deyil, faktiki kredit təşkilatı kimi fəaliyyət göstərirlər: "Klassik lombard vətəndaşa öz pulunu kredit kimi verən, bunun müqabilində qızıl-zinyət əşyalarını girov götürən qurumdur. Bizim lombardlar isə banklardan və yaxud digər vətəndaşlardan götürdükləri borcu kredit kimi verirlər. Bu cür fəaliyyət isə qanunsuzdur, faktiki olaraq bank fəaliyyətidir. Dövlət buna nəzarət etməlidir. Buna görə də yeni qanunda AMB nəzarət orqanı kimi göstərilib".

"Qanunla bağlı işçi qrupu yaradılıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Lombardlar haqqında" yeni qanunun nə vaxt qəbul ediləcəyini bilməsə də, deyir ki, onunla bağlı işçi qrupu yaradılıb: "Hazırda sənəd üzərində iş gedir. Lombardlarla bağlı problemlər var və onların aradan qaldırılmasına imkan verəcək bir qanunun qəbulu gündəmdədir".

Son xəbərlər

Orphus sistemi