İran Milli Bankının Bakı filialının mənfəəti 41 % artıb
- 10 oktyabr, 2022
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 1,357 milyon manat mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40,8 % çoxdur.
9 ay ərzində İran bankının gəlirləri 2,612 milyon manat (illik müqayisədə 19,9 % az), xərcləri 1,571 milyon manat (10,7 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 315 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə İran bankının aktivləri 91,225 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur. Bunun 9,81 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 1,3 % kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 13,1 % artaraq 54,449 milyon manata, o cümlədən depozit portfeli 21,4 % artaraq 11,934 milyon manata çatıb, balans kapitalı isə 4,1 % azalaraq 36,776 milyon manata düşüb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.