İran Milli Bankının Bakı filialı ötən ili mənfəətlə başa vurub
- 09 yanvar, 2023
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Milli Bankının Bakı filialı 2022-ci ili 1,867 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, filial 2021-ci ildən 1,96 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il İran bankının gəlirləri 3,731 milyon manat (əvvəlki illə müqayisədə 7,2 % az), xərcləri 2,502 milyon manat (11,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 866 min manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 228 min manat (57 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 96,621 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,3 % çoxdur. Bunun 9,467 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 3,8 % kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 15,4 % artaraq 59,335 milyon manat, o cümlədən depozit portfeli 17 % azalaraq 8,904 milyon manat, balans kapitalı isə 5,3 % artaraq 37,286 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.