Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 6,1 %-i səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.
Aprel ayında IMF bu rəqəmi ÜDM-in 8,5 %-i səviyyəsində proqnozlaşdırırdı. Yeni hesabatda fond 2025-ci il üçün profisiti ÜDM-in 5,9 %-i (aprel ayına olan 8,1 % səviyyəsində proqnoza qarşı), 2029-cu il üçün 0,4 %-i (əvvəllər 4,3 %-i) səviyyəsində qiymətləndirir.
2024-cü ildə Yaxın Şərq və Mərkəzi Asiya regionunda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,7 %-i, 2025-ci ildə isə 0,8 %-i səviyyəsində gözlənilir. Proqnozlara görə, 2029-cu ildə kəsir ÜDM-in 0,3 %-ni təşkil edəcək.
2023-cü ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,33 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 11,5 %-nə bərabərdir. 2022-ci illə müqayisədə profisit neft və qazın ucuzlaşması ilə əlaqədar 64,5 % və ya 2,8 dəfə azalıb.
Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə cari əməliyyatlar hesabının profisitini 7 milyard ABŞ dolları (ÜDM-in 9,6 %-i), 2025-ci ildə isə 6 milyard ABŞ dolları (ÜDM-in 7,9 %-i) səviyyəsində gözləyir.