Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ilin sonunda rekord aşağı səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi yardım göstərib.
Bu barədə “Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiq edilməsi ilə bağlı apardığı qiymətləndirilməsinə istinadən xəbər verir.
“Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilin sonunda 13,5 % (2022-ci ilin sonunda 15,2 %) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb.
2023-cü ildə əmanətlərin dollarlaşması 40 %-dən aşağı düşərək, tarixi orta göstəriciyə - 35 %-ə yaxınlaşıb”, - “Fitch”in analitikləri hesab edirlər.
“Fitch”in hesabatında vurğulanıb ki, Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşıb: “Lakin bu sektor kifayət qədər zəif olaraq qalır”. Bunu “Fitch-in Banking System Indicator”da bank sektorunun “b” reytinqi ilə qiymətləndirilməsi sübut edir.
Xatırladaq ki, Azərbaycanda 23 kommersiya bankı var. Bank sisteminin ümumi aktivləri 31 dekabr 2023-cü il tarixinə 49 milyard 178,19 milyon manat (il ərzində 4,5 % artım) qiymətləndirilir. Ötən il Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 23 milyard 979,12 milyon manat (artım 18,8 %), banklardakı depozit portfeli 34 milyard 550,08 milyon manat (artım 2,3 %), o cümlədən əhalinin əmanətləri 12 milyard 582,16 milyon manat (artım 9,6 %) olub.
Bankların ümumi kapitallaşması 6 milyard 63,35 milyon manat (artım 7,8 %) təşkil edir.