"Fitch": "Azərbaycanın bank sektoru bəzi irəliləyişlərə baxmayaraq nisbətən zəifdir"
- 13 noyabr, 2021
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın bank sektoru, son illərdə kredit əsaslarında müəyyən irəliləyiş olmasına baxmayaraq, "Fitch Ratings"in bank sistemi indikatorunun “b” səviyyəsində əks etdirdiyi kimi nisbətən zəifdir.
“Report” xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
"Depozitlərin dollarlaşma əmsalı 2019-cu ilin sonundakı 61 %-dən bu ilin III rübünün sonunda 45 %-ə düşüb, lakin hələ də 18 %-lik “BB” medianından xeyli yuxarıdır və Azərbaycanın ən böyük bankı ABB-nin bu ilin III rübünün sonuna tənzimləyici kapitalın 64 %-nə bərabər olan böyük açıq valyuta mövqeyi ilə məhdudlaşdırılıb. “Tier 1” (bankın baza kapitalı) kapital əmsalı 16,8 %-ə adekvatdır, problemli kreditlərin nisbəti bir qədər də azalaraq 5,5 %-ə düşüb.Biz, dəstək tədbirləri azaldıqca dəyərsizləşmədən əvvəlki sağlam mənfəətin aktivlərin üzərindəki təzyiqi azaldacağını gözləyirik", - məlumatda deyilir.
Xatırladaq ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 34 milyard 526,5 milyon manat təşkil edib. Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 12,8 % çoxdur.
Bankların aktivlərinin 14 milyard 312,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 43 %-dən 41,45 %-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 14,1 % artaraq 29 milyard 655,2 milyon manata, o cümlədən depozit portfeli 22,05 % artaraq 23 milyard 650 milyon manata çatıb. Bunun 8 milyard 663,6 milyon manatı fiziki, 14 milyard 986,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 28,5 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 3,6 % azalaraq 370,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,3 % artaraq 4 milyard 871,3 milyon manat təşkil edib.
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 505,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.
9 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 170,9 milyon manat (1 il əvvələ nisbətən 13,55 % çox), əməliyyat xərcləri 1 milyard 417,9 milyon manat (17,55 % çox), xüsusi ehtiyatlara ayırmaları 154,3 milyon manat (2,2 dəfə çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 93,8 milyon manat (23,25 % az) təşkil edib.