Azərbaycanda insan kapitalına investisiyalar 2024-2050-ci illər ərzində orta hesabla 1,7 % arta bilər.
"Report" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah jurnalistlərə açıqlamasında bildirib.
O, hesab edir ki, Azərbaycanda inkluziv dinamik cəmiyyətin inkişafı insan kapitalının sayəsində olacaq.
"Azərbaycanda 2010-2020-ci illərdə İnsan Kapitalı İndeksi 50 %-dən 58 %-ə qalxıb. Bu artım təhsil, səhiyyə və sosial müdafiə sahəsindəki dəyişikliklər hesabına baş verib", - F. Saadah deyib.
O, hesab edir ki, Azərbaycan son illərdə böyük irəliləyişlərə imza atıb.
Regional direktorun sözlərinə görə, Azərbaycanda qızların 32 %-i nə təhsil alır, nə də işləmirlər: "Bizim bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məşğulluğa dəstək layihəmiz var. Ümid edirik ki, biz reallaşdırılan layihələr sayəsində bu faizi aşağı endirəcəyik".
F. Saadah bildirib ki, Azərbaycanda vətəndaşlar xəstəxana xərclərinin 69 %-ni öz hesabına ödəyir: "Bu da maddi vəziyyəti aşağı olan insanlara müəyyən çətinliklər yaradır. Orta gəlirli ölkələrlə müqayisə etdikdə bu faiz Azərbaycanda çox yüksəkdir".