“Express Bank”ın xalis mənfəəti 5 % azalıb

Maliyyə
  • 12 iyul, 2024
  • 11:44
“Express Bank”ın xalis mənfəəti 5 % azalıb

“Express Bank” ASC bu ilin I yarısını 6,019 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,8 % azdır.

Yanvar-iyun aylarında “Express Bank”ın gəlirləri 41,961 milyon manat (illik müqayisədə 16,1 % çox), xərcləri 32,154 milyon manat (15,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,194 milyon manat (4,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,593 milyon manat (4 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Express Bank”ın aktivləri 556,883 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,8 % çoxdur. Bunun 434,529 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,7 % böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 15 % artaraq 420,648 milyon manata, o cümlədən depozit portfeli 11,4 % artaraq 218,362 milyon manata, balans kapitalı isə 10,2 % artaraq 136,235 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.