EBRD Azərbaycan bankına manatla 10 milyon dollar kredit ayırıb

Maliyyə
  • 15 aprel, 2025
  • 18:59
EBRD Azərbaycan bankına manatla 10 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Bank Respublika” ASC-yə 10 milyon ABŞ dolları məbləğində yüksək dərəcəli təminatsız kreditin ayrılmasını təsdiqləyib.

"Report" EBRD-yə istinadən xəbər verir ki, vəsait mikro, kiçik və orta müəssisələrin (MKOM) maliyyələşdirilməsinə yönəldiləcək və birdəfəlik tranş şəklində təqdim olunacaq. Kredit Azərbaycanın milli valyutası - manatla Maliyyə Vasitəçilik Mexanizmi (FIF) çərçivəsində veriləcək.

Layihənin məqsədi, xüsusilə regionlarda fəaliyyət göstərən MKOM-lar üçün kredit imkanlarının genişləndirilməsidir. Proqramın şərtlərinə əsasən, maliyyə dəstəyi alan müəssisələrin azı 65 %-i Bakıdan kənarda yerləşməlidir.

Təşəbbüs, ortamüddətli perspektivdə özəl MKOM-ların manatla maliyyələşməyə çıxış imkanlarını artırmağa xidmət edir. Eyni zamanda, layihə maliyyə institutlarına kreditləşmə strategiyalarının, marketinqin və digər innovativ yanaşmaların inkişafında dəstək göstərməyi nəzərdə tutur.

Layihə həmçinin, maliyyələşməyə tələbatın yüksək olduğu, lakin yetərincə xidmət göstərilməyən bazar seqmentlərini əhatə etməklə maliyyə inklüzivliyini gücləndirməyi hədəfləyir. Bununla yanaşı, “Bank Respublika” üçün regionlarda yeni müştərilərin cəlb olunması və kredit portfelinin genişləndirilməsi baxımından əlavə imkanlar yaradır.

Qeyd edək ki, 2024-cü il fevralın 28-nə olan məlumata əsasən, EBRD-nin Azərbaycandakı aktiv cari kredit portfeli 1,086 milyard avro təşkil edir və 33 layihəni əhatə edir. Bu portfelin 92 %-i (994 milyon avro) davamlı infrastrukturun inkişafına, 5 %-i (52 milyon avro) korporativ sektora, 3 %-i (40 milyon avro) isə maliyyə institutlarına yönəlib.

Ümumilikdə EBRD bu günədək Azərbaycanda 196 layihənin həyata keçirilməsi üçün 4,064 milyard avrodan çox investisiya yatırıb.