İqlim dəyişikliyi ilə bağlı strategiya hazırlanarkən insanları narahat edən məsələlər ora daxil edilməlidir.
"Report" xəbər verir ki, bunu Dünya Bankının nümayəndəsi Daniel Besli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
"Ən vacibi, insanlardan soruşmaq lazımdır ki, sizin üçün dəyərli olan nədir, sizi narahat edən məsələlər və məqamlar nədir? Əhali ilə kommunikasiya çox vacibdir.
Hazırlanan strategiya dəstək xarakterli olmalıdır, bunun üçün də düzgün kommunikasiya aparılmalıdır. Ümumiyyətlə, iqlim dəyişikliyi çox riskli şeydir, gələcəkdə böyük xərclər tələb edən anlayışdır. Bu səbəbdən də onu karbon qiymətqoyma ilə balanslaşdırmalıyıq. İndi bu məsələ ilə bağlı az xərc çəkilməsi gələcəkdə böyük xərclərə səbəb ola bilər", - deyə o qeyd edib.
"Karbon qiymətqoymada da kommunikasiya, dinləmək və nəzərə almaq çox vacibdir. Kommunikasiya ikitərəfli olmalıdır. İnanıram ki, Azərbaycanda bu məsələ ilə bağlı ünsiyyətə cəlb edilən mütəxəssislərin peşəkarlığını artırmaq üçün onları təlimlərə göndərəcəklər", - deyə Dünya Bankı rəsmisi əlavə edib.