COP çərçivəsində həssas ölkələr üçün ayrıca bir çərçivənin formalaşdırılması təklif edilir
- 14 mart, 2025
- 18:24
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişikliyindən ən çox təsirlənən həssas ölkələr üçün ayrıca bir çərçivə formalaşdırılmalıdır.
“Report” xəbər verir ki, bunu COP21-in vitse-prezidenti Hakima El Haite XII Qlobal Bakı Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri getdikcə artır və bundan daha çox həssas qruplar əziyyət çəkir: “Hər istiləşmə artımı sürətlə artan təhlükələr, daha intensiv istilik dalğaları və daşqınlar, okeanların istiləşməsi və sahil ərazilərinin su basması ilə nəticələnəcək”.
H. Haite vurğulayıb ki, dünyada karbon emissiyalarının 15 %-i ABŞ-ın payına düşür: “ABŞ bəyan edib ki, COP-u tərk edəcək. Bəs bu halda onu kim əvəz edəcək? Hansı ölkə COP-a ABŞ-ın maliyyə töhfəsini verəcək? Ümumiyyətlə, ABŞ-ın COP-dan çıxması proses üçün ciddi itkidir”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) 2018-2024-cü illərdə icraçı direktoru Maimuna Mohd Şərif isə bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə bütün ölkələr güclərini birləşdirməlidir: “Bu problem hər kəsə təsir edəcək, ona görə də biz birgə fəaliyyət qurmalıyıq”.
O əlavə edib ki, şəhərlər qlobal miqyasda karbon dioksid emissiyalarının təxminən 70 %-ni yaradır və bu, əsasən qalıq yanacaqlara, tikinti materiallarına və məişət istehlakına əsaslanan nəqliyyat sistemləri vasitəsilə artır: “İqlim dəyişikliyi ilə mübarizədə şəhərlər həll yolları ilə bağlı təşəbbüslərə qoşulmalıdır”.
M. Şərif sonda vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə daha dayanıqlı sistemlər formalaşdırılmalıdır: “Əsas məsələ iqlim dəyişikliyinin yaratdığı təsirlərin azaldılmasıdır”.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Bakıda XII Qlobal Bakı Forumu keçirilir. Tədbirdə dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, sabiq dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.