2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə bu ilin I yarısında 97 milyon manat dəyərində 37 min ədəd əməliyyat aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, sistemin “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Bu il AÖS platformasında “QR kod” nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması, əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyası şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” ödəniş üsulundan istifadə daha effektiv hesab olunur.