“Bank VTB Azərbaycan"ın mənfəəti 24 % azalıb
- 16 aprel, 2024
- 09:25
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 2,202 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24,4 % azdır.
Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 9,879 milyon manat (illik müqayisədə 20,3 % çox), xərcləri 8,752 milyon manat (11,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,075 milyon manat (57,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 243,399 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır. Bunun 173,12 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,5 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 8,9 % azalaraq 150,047 milyon manata, o cümlədən depozit portfeli 24,4 % azalaraq 79,284 milyon manata düşüb, balans kapitalı isə 12,1 % artaraq 93,352 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.