“Bank of Baku”nun xalis mənfəəti 63 % azalıb
- 16 aprel, 2024
- 07:34
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC bu ilin I rübünü 3,504 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 63,3 % azdır.
Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 39,053 milyon manat (illik müqayisədə 22,6 % çox), xərcləri 32,504 milyon manat (36,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,76 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,284 milyon manat (66,5 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 922,56 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,3 % çoxdur. Bunun 609,956 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,7 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 29,2 % artaraq 780,034 milyon manata, o cümlədən depozit portfeli 45,6 % artaraq 569,558 milyon manata, balans kapitalı isə 7,6 % artaraq 142,526 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.