“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
- 28 iyul, 2023
- 06:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na dəyişikliklər edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bankda notarius üçün depozit hesabı hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, sənədli qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması üçün açılacaq. Bu zaman bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi üçün verifikasiya tədbirləri ilə bağlı məlumat əldə edəcək. Bank hesabı iki və ya daha çox fiziki şəxsin adına açıldıqda (birgə hesab) müştəri uyğunluğu tədbirləri həmin hesabın sahiblərinin hər birinə ayrı-ayrılıqda tətbiq ediləcək.
Bundan başqa, bank vergi ödəyicilərinə açdığı hesabların vergi orqanında qeydiyyata alınması üçün formanı 1 iş günü müddətində elektron qaydada aidiyyəti üzrə göndərəcək. Qeydiyyat barədə birldiriş banka daxil olana qədər hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağan ediləcək.
Vergi ödəyicilərinə məxsus hesabların bankın özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bu barədə məlumat bank tərəfindən hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndəriləcək.
Məsafədən bank hesabı açılarkən rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslərə video çəkiliş üsulu tətbiq edilməyəcək.
Həmçinin, Bankın müxbir bankçılıq xidmətləri göstərdiyi müştərisinin sənəd və məlumatların etibarlılığını, onların bank hesabları vasitəsilə aparılmış əməliyyatların mahiyyətinə uyğunluğunu daxili qaydalarda müəyyən edilmiş dövriliklə, lakin ildə bir dəfədən az olmayaraq yoxlaması hüququ ləğv edilib.
Vergi ödəyicisinə məxsus bank hesabı bağlandıqda, bu barədə məlumat 3 iş günü müddətində vergi orqanına göndəriləcək.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.