İlk xəbər saat 12:13-də verilib
2019-cu ildə “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat vəsait ayrılıb.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bundan başqa, hesabat ilində Bakı metrosunda tikinti və yenidənqurma işlərinin davam etdirilməsi, yeni vaqonların və avadanlıqların alınması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 109,7 milyon manat vəsait ayrılıb (III yeni (Bənövşəyi) xəttin “B-3”-“B-4”-“B-5” stansiyalarında, III yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu-“Avtovağzal” stansiyaları arasında tunellərin, elektrik depolarının tikintisi, yeni vaqonların, generatorların alınması, Bakı Metropoliteninin hərəkət tərkibinin yenilənməsi və s.).
Beləliklə, metroya büdcədən ümumilikdə 150,7 milyon manat vəsait ayrılıb.
Bundan başqa, Naxçıvan MR-ə həyata keçirilən aviareyslərə Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, Xəzər dənizində etibarlı nəqliyyat sisteminin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə 4,6 milyon manat, poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı “Azərpoçt” MMC-yə dəyən zərərin kompensasiya edilməsi üçün 1 milyon manat, nizamnamə kapitalının artırılması üçün "Azərkosmos" ASC-yə 48 milyon manat maliyyə yardımı (subsidiya) ayrılıb.