Azərbaycanın təkrarsığorta şirkətinin xaricdə investisiya şaxələndirilməsi üçün reytinqləri yenilənib
- 28 noyabr, 2024
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın sığorta sektoruna yönəlmiş “AM Best” beynəlxalq reytinq agentliyi Azərbaycanın “AzRe Təkrarsığorta” ASC-nin maliyyə dayanıqlığı reytinqini "B+" səviyyəsindən “B++”a yüksəldib.
“Rerport” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.
Bundan başqa, reytinq agentliyi “AzRe Təkrarsığorta”nın uzunmüddətli emitent kredit reytinqini isə “bbb-” səviyyəsindən “bbb”yə yüksəldib. Həmçinin “AzRe”nin reytinqləri üzrə proqnozu “sabit” saxlanılıb.
Məlumata görə, bu reytinq, “AzRe”nin güclü kapital balansını, güclü əməliyyat performansını, məhdud biznes profilini və marjinal müəssisə risklərinin idarə edilməsini (ERM) əks etdirir.
“Təkrarsığorta şirkətinin reytinqinin yüksəldilməsi, xüsusilə Azərbaycandan kənarda artan investisiya şaxələndirilməsindən sonra balansının möhkəmləndirilməsi istiqamətindəki irəliləyişi əks etdirir.
"AzRe"nin balansının möhkəmliyi, konsolidasiya edilmiş riskə uyğunlaşdırılmış kapitallaşmasının “Best" kapital adekvatlığı əmsalı ilə ölçülən ən güclü qiymətləndirmə üçün tələb olunan minimum səviyyədən ardıcıl olaraq yüksək saxlanması ilə dəstəklənir”, - “AM Best” bəyan edib.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100 %-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90 %-lik səhmdarıdır.