Azərbaycanın inşaat şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 05 sentyabr, 2024
  • 14:27
Azərbaycanın inşaat şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sentyabrın 18-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Kristal Bakı” ASC-nin 990 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 manat olan 990 000 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 13-17 sentyabr tarixlərində - 3 iş günü ərzində olacaq.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 100 dəfə artaraq 10 min manatdan 1 milyon manata çatacaq.

Xatırladaq ki, “Kristal Bakı” 2020-ci ildə dövlət qeydiyyatına alınıb, yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti