Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 490,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 27,8 % çoxdur.
Bankların aktivləri ilk dəfədir ki, 45 milyard manatı üstələyir.
Bankların aktivlərinin 18 468,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,4 %-dən 40,6 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,5 % artaraq 39 970,3 milyon manata, o cümlədən depozit portfeli 32,8 % artaraq 32 860,9 milyon manata çatıb. Bunun 11 339,9 milyon manatı fiziki, 21 521 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 27,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 35,7% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 31,4 % azalaraq 222,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 11 % artaraq 5 519,9 milyon manat təşkil edib.