Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 203,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 3 % azdır.
Bankların aktivlərinin 13 080 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 5,4 % kiçilib, kreditlərin aktivlərdəki payı isə 41,7 %-dən 40,6 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 3,7 % azalaraq 27 437,7 milyon manat, o cümlədən depozit portfeli 5,2 % azalaraq 20 653,8 milyon manat olub. Bunun 8 247,5 milyon manatı fiziki, 12 406,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 3,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 6,1 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 7,3 % artaraq 373,6 milyon manata çatıb.
Sektorun balans kapitalı isə 1,6 % artaraq 4 765,7 milyon manat təşkil edib.