Azərbaycanda sığortaçıların elektron informasiya sistemləri ilə bağlı tələblər hazırlanır

Maliyyə
  • 24 may, 2024
  • 09:19
Azərbaycanda sığortaçıların elektron informasiya sistemləri ilə bağlı tələblər hazırlanır

Azərbaycanda sığortaçıların elektron informasiya sistemləri, onların arxitekturası və sığortaçılığa uyğun strukturlaşdırılması ilə bağlı tələblər üzərində iş gedir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta nəzarəti departamentinin direktoru Vüsal Qurbanov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, sığorta şirkətlərində elektron informasiya sistemləri demək olar fərqlənmir:

“Bir çox şirkət bəlli bir proqram təminatından istifadə edir. Həmin proqram təminatları potensial olaraq hamı üçün eynidir. Burada əslində potensial olduğu qədər həm də risk amili mövcuddur. Şirkətlər daha dərin təhlilləri görmək üçün öz podratçılarından məlumatların doğru şəkildə strukturlaşdırılmasını tələb edə bilərlər. Eyni zamanda həmin DATA-ların əldə olunmasını satış nümayəndələri də təmin etməlidir.

Çünki sığortalanan mənzilin hansı mərtəbədə yerləşdiyini qeyd etdiyimiz halda, binanın neçə mərtəbədən ibarət olduğunu göstərməmək məlumat boşluğu yaradır. Ona görə, şirkətlər məlumat əskikliyini öz daxili nəzarət və prosedurlarında qısa müddətdə təmin etməyə çalışmalıdır. Sığorta şirkətlərin DATA-ları daha da saflaşdırılmalıdır. Bunun üçün sığortalılar arasında yenidən sorğular keçirmək, anderrayterlər və satış nümayəndələri ilə görüşlər keçirmək mümkündür”, - deyə o qeyd edib.

V.Qurbanov hesab edir ki, sığorta şirkətlərinin daxilində anderraytinq inkişaf etdirilməlidir: “Daha çox elektronlaşma getdikcə sanki sığorta şirkətlərinin anderraytinq intuisiyaları itir. Ən azından anderraytinq elementləri şirkət daxilində strukturlaşdırılmalıdır. Bu sadəcə modelləşdirmə üçün zəruri deyil, eyni zamanda sığorta şirkətini qorumaq üçün də vacibdir. Biz şirkət daxilində bu sistemləri qurmalıyıq”.