Dünya bazarında qızıl getdikcə bahalaşır. Əgər ötən il bu vaxt əmtəə birjalarında qiymətli metalın 1 unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb. Amma bu da son olmaya bilər. Bu günlərdə İsveçrənin UBS investisiya bankı cari ilin II yarısında qızılın qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 900 ABŞ dollarına çatdırıb. Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında mümkün qiymət artımına əsas kimi ABŞ-dakı seçkilər, ABŞ-Çin gərginliyi və daha vacibi koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi böhran, səhm və istiqraz bazarlarındakı ucuzlaşmalar göstərilir. Odur ki, əksər investorlar qızıla yönəlib. Söhbət təkcə fərdi investorlardan getmir. Qızıla pul yatıranlar həm də dünyadakı mərkəzi banklar, hedc fondlarıdır.
Bəs Azərbaycanda qızıl alıb-saxlamaq imkanları, ümumilikdə, qızıl bazarında vəziyyət necədir?
İqtisadçı-ekspert Cəfər İbrahimlinin fikrincə, hazırda yerli bankların bir qismi qızıl külçələr satır, lakin onların qiyməti xarici bazarla müqayisədə yüksəkdir: "Bu da onunla bağlıdır ki, qızıl külçələrinin ölkəyə gətirilməsi əlavə vəsait tələb edir. Daşınma xərcləri ilə yanaşı, burada gömrük rüsumu da var və bütün bunlar sonda vətəndaşlara təklif olunan qiymətdə öz əksini tapır. İstənilən halda əgər daxili bazarda qiymət xarici bazarla müqayisədə yüksəkdirsə, qızıl külçələr vətəndaşlar üçün cəlbedici olmur.
Bəzi ölkələrdə banklara insanların cari və depozit hesabları kimi, qızıl hesabları da olur. Söhbət cəmiyyətin qızıla maraq göstərdiyi ölkələrdən, məsələn, Türkiyədən gedir. Burada bank sizin verdiyiniz vəsaitlə qızıl alaraq onu anbarında saxlayır".
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları daha çox zinət əşyası kimi, qızıl alıb-saxlamağa maraq göstərirlər: "Bu cür investisiya isə elə də sərfəli deyil. Məsələn, onun istənilən vaxt normal qiymətə satmaq çətindir, adətən bir müddətdən sonra zinət əşyaları dəyərdən düşür. Odur ki, bank hesabı ilə elektron qaydada qızıl almaq daha yaxşıdır".
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş meneceri Tahir Qəribov isə son vaxtlar dünyada olduğu kimi, Azərbaycanda da qızıla marağın artdığını deyir. O vurğulayır ki, ölkə qanunvericiliyində yerli bankların qiymətli metallarla, o cümlədən qızılla ticarət etməsi və müştərilərinə qızıl hesab açması qanunvericiliklə nəzərdə tutulsa da, banklar bu imkandan istifadə etmirlər:
"Odur ki, qızılı fiziki olaraq alıb-satmaq istəyənlər banklarla yanaşı, 100% dövlətə məxsus "AzerGold" QSC-yə də müraciət edə bilərlər. Bununla yanaşı, qlobal əmtəə birjalarından da qızıl almaq olar:
"Bunun bir neçə yolu var. Məsələn, qızılla törəmə maliyyə aləti şəklində fərq müqaviləsinin bir hissəsi kimi (məs. XAUUSD) “Forex”də ticarət etmək olar. Eyni zamanda, birjada ticarət olunan investisiya fondları (ETF) vasitəsilə də qızıla sərmayə qoymaq mümkündür. Qızıl almağın bir yolu da fyuçerslərdir. Qızılın fyuçersləri London metal birjasında (LME) ticarət olunur. LME-yə çıxış əldə etmək üçün xüsusi razılıqlar tələb oluna bilər”.
T.Qəribov diqqətə çatdırır ki, "Unicapital" qiymətli kağızlar bazarların peşəkar iştirakçısı olaraq, fiziki qızılın alqı-satqısı ilə məşğul olmur: "Lakin, müştərilərimiz, istər "Uniforex" xidmətimiz vasitəsilə qızılın ABŞ dollarına qarşı qiymət fərqi ilə ticarət edə, istərsə də "UTrader" xidmətimiz vasitəsilə qızıl ETF-lərə rahatlıqla sərmayə qoya bilərlər”.
Ekspertlərin fikrindən belə aydın olur ki, el arasında məşhur olan qızıl qolbağlar və digər bəzək əşyalarının investisiya kimi alıb saxlanılması sərfəli deyil. Qızıl külçələri almaq isə əlavə vəsait hesabına başa gəlir. Bunun daha az itkisiz olan variantı fond birjalarından almaqdır, ancaq orda da təqdim olunan alətlərdən istifadə etmə bacarığı mütləqdir.