Azərbaycanda qeyri-həyat sığortası bazarı 5 % kiçilib
- 30 iyul, 2022
- 10:32
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 245,708 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 % azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,5 % azalaraq 90,157 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyun aylarında 41,2 manat olub.
Qeyd edək ki, 6 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 491,605 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,923 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,5 % azdır.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.