Azərbaycanda qeyri-həyat sığortası bazarı 11 %-dən çox böyüyüb
- 01 aprel, 2025
- 15:24
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 154,702 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,6 % artaraq 38,118 milyon manata çatıb.
Beləliklə, iki ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 26,5 manat olub.
Yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 281,206 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.