Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği 2 dəfədən çox artıb
- 25 iyul, 2022
- 11:20
Bu ilin I yarısında Azərbaycanda ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 9,9 milyard manata çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov bildirib.
Onun sözlərinə görə, 6 ayda ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz bəndi artaraq 40.4% olub. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2,8 dəfə artaraq 7,4 milyard manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin məbləği isə 41% artaraq 2,5 milyard manata yüksəlib. Təmassız ödənişlərin sayı və məbləği isə 1 il əvvəlki dövrünün göstəricilərini müvafiq olaraq 2,8 və 2,1 dəfə üstələyib.