Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”nı təsdiqləyib.
"Report" Palataya istinadən xəbər verir ki, sənəd körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və körpü bankın fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.
Qaydalara əsasən, ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə körpü bank yaradılır.
Körpü bank təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir və yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın nizamnamə kapitalı 4 000 manat məbləğində olmaqla Palata tərəfindən ödənilir.
Qaydalara görə, körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Müvəqqəti inzibatçıbankın dayanıqlı fəaliyyət göstərməsini təmin edir, körpü bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması, habelə bankın mənfəətliyinin artırılması istiqamətində tədbirlər görür və qanunda müvəqqəti inzibatçı üçün müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
Körpü bank fəaliyyətini Palata tərəfindən verilmiş bank lisenziyası əsasında qurmalıdır.
Körpü bank fəaliyyətini aşağıdakılar nəzərə alınmaqla qanuna əsasən həyata keçirir:
- körpü bank yeni depozitlər üzrə faiz dərəcələrini Palata ilə razılaşdırılmaqla müəyyən edir;
- körpü bank sərbəst vəsaitlərini “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş 0 (sıfır) faizli risk qruplarına aid aktivlərə investisiya edə bilər;
- ödəmə qabiliyyətini itirmiş bank tərəfindən müştərilərlə bağlanmış və körpü banka köçürülmüş müqavilələr üzrə kredit öhdəlikləri körpü bank tərəfindən yerinə yetirilə bilər;
- körpü bank yeni kreditlər verə bilməz;
- körpü bank kreditləri restrukturizasiya edə bilər.
Qeyd edək ki, körpü bank nəzərdə tutulmuş müddət (6-9 ay) ərzində satılmadıqda, Palata körpü bankın bank lisenziyasının ləğvi üçün müvafiq tədbirlər görməlidir.