Azərbaycanda könüllü sığorta bazarı 25 %-dən çox böyüyüb
- 23 sentyabr, 2023
- 06:20
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 618 milyon 921 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 274 milyon 139 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 24,4 % çoxdur.
Beləliklə, 8 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,3 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 44,6 manat olub.
Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846 milyon 854 min manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 29,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345 milyon 796 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.