Azərbaycanda könüllü sığorta bazarı 20 % böyüyüb
- 28 may, 2024
- 06:32
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 410,401 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 167,184 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 63,1 % çoxdur.
Beləliklə, 4 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 30 manat olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.