Azərbaycanda könüllü sığorta bazarı 14 % böyüyüb
- 29 yanvar, 2025
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda könüllü sığorta növləri hesabına 1 milyard 011,33 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 13,9 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 613,016 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,9 % çoxdur.
Beləliklə, il ərzində könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 54 manat olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.
Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 48 manat olub.