Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 103,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 %, qeyri-ərzaq məhsulları üzrə 103,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 % təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
Məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, əvvəlki ilin fevral ayına nisbətən 104,2 % təşkil etib.
2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 %, əvvəlki ilin fevral ayına nisbətən 105,2 % təşkil etib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməib. 2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 %, əvvəlki ilin fevral ayına nisbətən 103,7 % təşkil etib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin,zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməib. 2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 %, əvvəlki ilin fevral ayına nisbətən 103,3 % təşkil etib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.