Azərbaycanda icbari sığorta bazarı 41 %-dən çox böyüyüb
- 23 sentyabr, 2023
- 06:23
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 227 milyon 934 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41,4 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 71 milyon 658 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 31,4 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 39,3 manat olub.
Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846 milyon 854 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345 milyon 796 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.