Azərbaycanda icbari sığorta bazarı 14 %-ə yaxın böyüyüb
- 02 mart, 2024
- 06:10
Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20 milyon 807 min manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 8 milyon 236 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,7 % azdır.
Beləliklə, ilk ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 45,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.