Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 2,5 dəfə artıb
- 23 sentyabr, 2023
- 10:08
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 143 milyon 260 min manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 30 milyon 701 min manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.
Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 21,4 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 10,3 manat olub.
Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846 milyon 854 min manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 29,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345 milyon 796 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,9 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.