Azərbaycanda əmlak sığortası bazarı 17 % böyüyüb
- 07 noyabr, 2022
- 12:32
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 138,146 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 14,49 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,2 % azdır.
Yanvar-sentyabr aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 14,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.