2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 milyard 326,2 milyon manatının və yaxud 21,7 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 % çoxdur.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 758,2 milyon manatını və yaxud 45,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 568 milyon manatını və yaxud 54,9%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 15,7 % az və 25,2 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.