Fevralın 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 50 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 dollar olan 50 000 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital Investisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.