Azərbaycan sığortaçıları 2022-ci ili necə başa vurub?

Azərbaycan sığortaçıları 2022-ci ili necə başa vurub? Yekunlaşmaqda olan 2022-ci il ərzində sığorta sektorunda bir çox yeniliklər, hadisələr qeydə alınıb, qərarlar qəbul olunub.
Maliyyə
5 Yanvar , 2023 17:00
Azərbaycan sığortaçıları 2022-ci ili necə başa vurub?

2022-ci ili Azərbaycanın sığorta sektoru üçün uğurlu saymaq olar.

İlkin məlumatlara görə, ötən il yerli sığorta şirkətləri rekord məbləğdə - təxminən 1 milyard manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən təxminən 15% artım deməkdir.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyində də başa çatmış ilin sığortaçılar üçün uğurlu olması qənaətindədirlər. "Report" qurumun İcraçı direktoru Elmar Mirsalayevlə həmsöhbət olub.

Onun sözlərinə görə, ötən il ASA sığorta təhsilinin sistemli təşkil olunması ilə bağlı ölkənin aparıcı universitetləri ilə əməkdaşlığa başlayıb: "Bu əməkdaşlıqlar sayəsində növbəti ildən ölkəmizdə ali təhsil səviyyəsində sistemli sığorta tədrisini yenidən bərpa etmək mümkün olacaq. Bilirsiniz ki, 10-12 il əvvəl ölkəmizdə fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarında ayrıca sığorta fakültələri fəaliyyət göstərsə də, daha sonra onların fəaliyyəti dayandırılmışdı. Məhz buna görə biz ASA olaraq universitetlərdə sistemli sığorta təhsilinin bərpası məqsədilə addımlar atdıq. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti ilə gəldiyimiz razılığa əsasən, sistemli sığorta təhsilini ilk olaraq magistratura və doktorantura səviyyəsində bərpa edəcəyik. Bununla sektor yeni və peşəkar sığortaçılar qazanacaq, eləcə də yerli sığorta mütəxəssisləri paralel olaraq pedoqoji fəaliyyətə cəlb ediləcək".

E.Mirsalayev deyir ki, ilin əlamətdar hadisələrindən biri də Türk Dünyası Sığorta Birliyinin qurulması olub: "5 türkdilli dövlətin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunan bu birlik regional sığorta siyasətinin formalaşmasında və türkdilli ölkələrin sığorta bazarlarının paralel inkişafında mühüm rol oynayacaq. Həmtəsisçilərdən biri olaraq Birliyin “Yol xəritəsi”ni hazırlamışıq, Nizamnaməsini isə hazırlamaqdayıq. Başlıca ortaq məramımız Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının nəzdinə daxil olmasıdır. 2023-cü il Birliyin ilk və uğurlu fəaliyyət ili olacaq".

Bundan başqa, onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında dünya təcrübəsinə uyğun olaraq bir sıra yeniliklər tətbiq olunub: "Oktyabrın 1-dən yeni risk əmsalları, noyabrın 1-dən isə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi işə düşdü. Bununla da sığortada həm ədalətli yanaşma forması, həm də istehlakçı rahatlığı təmin olundu, sektorda yeni bir era başladı".

E.Mirsalayev 2021-ci ildən ölkədə sığorta sahəsində başlamış maarifləndirmə tədbirlərinin 2022-ci ildə də davam etdirildiyini bildirir: "Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış memoranduma əsasən, artıq ikinci ildir ki, ölkədə genişmiqyaslı sığorta maarifləndirməsi və qarşısıalınma tədbirləri həyata keçiririk. Həm yerli bazarda böyümə trendini, həm də sığorta xidmətləri ilə bağlı məlumatlılığı təmin etmək, bununla yanaşı, sığorta xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə sığorta maarifləndirməsi işləri 2023-cü ildə də davam edəcək. Burada başlıca məqsəd sektorun inkişafıdır. Çünki bu, həm də iqtisadiyyatın və ümumilikdə ölkənin inkişafı deməkdir".

"ASA olaraq sığorta bazarının inkişafı üçün müxtəlif qurumlarla əməkdaşlıq əlaqələrini 2022-ci ildə də davam etdirdik. Bu istiqamətdə istər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə, istər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qurduğumuz əlaqələr sektor təmsilçisi olaraq vacib uğurlarımızdan oldu. Qurulan əməkdaşlıqların növbəti ildə davam etdirilməsini, o cümlədən yeni əlaqələrin qurulmasını planlaşdırırıq", - deyə o qeyd edib.

"Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Mərkəzi Bankı sığorta sektoruna nəzarət və tənzimləmə işini çox uğurlu və məqsədyönlü şəkildə həyata keçirir. Bütün iqtisadiyyat üçün təhdid olan pandemiyadan sığorta sektorunun minimum itki ilə ayrılması, daha sonra stabil və davamlı böyümənin təmin olunması, sığorta xidmətlərində keyfiyyətin yüksəldilməsi, sığortaçıların maliyyə dayanıqlılığının təmin olunması və digər bu kimi faktorlar qurumun uğurlu nəzarət siyasəti ilə bilavasitə bağlıdır. ASA da sektor təmsilçisi olaraq, bu uğurlu prosesdə nəzarətedici orqandan dəstəkverici addımlarını əsirgəmir. Sığorta bazarı bu gün dayanıqlı əsaslarla inkişaf edir. 2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq. Proqnozlaşdırırıq ki, sığorta bazarındakı böyümə bu il də davam edəcək", - deyə E.Mirsalayev fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi