Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
"Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha darindən dərk edilməsinə, bütövlükdə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcək", - deyə məlumatda qeyd olunub.