Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb

Maliyyə
  • 23 yanvar, 2024
  • 07:52
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2023-cü ili 75,8 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,9 dəfə çoxdur.

Ötən il BOKT-ların əməliyyat gəlirləri 213,7 milyon manat (əvvəlki illə müqayisədə 79,6 % çox), əməliyyat xərcləri 114,5 milyon manat (40,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,5 milyon manat (10,2 % çox), gözlənilməz gəlirləri 0,4 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 17,4 milyon manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 758,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 47,1 % çoxdur. Bunun 558,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 45 % artaraq 443,3 milyon manata, balans kapitalı isə 50,1 % artaraq 315,2 milyon manata çatıb.