Bakı. 17 mart. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən ölkədəki banklar arasında keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarının qaliblərindən olub. Bu barədə "Report"a ABB-dən bildirilib.
Məlumata görə, ötən il Bankın ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 mlrd. manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1,3 mln.-dan çox olan Bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11 300 POS-terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB ölkədə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “Visa PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkədə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.
Eyni zamanda, “Visa İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkədə ilk dəfə tətbiqi də məhz ABB-yə məxsusdur.