Bu il avqustun 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 milyard 367,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,7 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,4 % çoxdur.
Kredit qoyuluşunun 12 milyard 093 milyon manatı və yaxud 78,7 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 4,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 milyard 873,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,9 %-dən 18,7 %-ə qalxıb.
İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 401,2 milyon manat olub. Bu isə illik müqayisədə 5,3 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 0,1 % bəndi azalaraq 2,5 % səviyyəsinə çatıb.