Bu ilin I rübündə Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.
Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində əsasən artım istiqamətində dəyişib.
I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nəzərən 25,8 % artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,9 %-i ABŞ dollarında, 13,1 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,1 %-i banklararası valyuta bazarında (BVB), 69,9 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Dövr ərzində BVB-də əməliyyatların 99,6 %-i ABŞ dollarında, 0,4 %-i avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının məbləği 5,2 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 81,2 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib, 93,9 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 12,5 % azalaraq 1,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 89,7 %-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66,2% artıb.