Azərbaycan bankı yeni inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb

Maliyyə
  • 20 oktyabr, 2023
  • 11:09
Azərbaycan bankı yeni inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb

“Paşa Bank” ASC-nin 2024-2026-cı illəri əhatə edəcək yeni İnkişaf Strategiyasında müştəri xidmətinin təkmilləşdirilməsi öz əksini tapacaq.

"Report" xəbər verir ki, bunu “Paşa Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatcısı Murad Süleymanov bildirib.

“Bununla yanaşı, yeni strategiyada kiçik və orta sahibkarların, fintexlərin, əlavə dəyər yaradan xidmətlərin dəstəklənməsi nəzərdə tutulub. Artıq bankın ana istiqamətləri, müştərilərə daha çox toxunan, məhsulların inkişafı ilə bağlı olan istiqamətlər “Agile” ilə çalışırlar. Hazırda növbəti strategiyada “Agile” yanaşmasına hansı dəyişiklərin aparılması, hansı istiqamətlərdə tətbiq olunması ətrafında danışıqlar da aparılır. Yəni indiki “Agile”yə əlavə düzəlişlərin aparılmasına ehtiyacın olub-olmaması nəzərdən keçirilir. Burada vacib məqam ondan ibarətdir ki, onsuzda biz yeni məhsul yaradarkən onun test edirik. Müştəridən alınan geri dönüş dərhal mütəxəssislərimiz tərəfindən dəyərləndirilir və müvafiq təkmilləşdirmələr həyata keçirilir”, - deyə o bildirib.

M. Süleymanovun sözlərinə görə, bank olaraq müştəriyə əlavə xidmətlər vasitəsilə dəstək verməyə çalışılır: “Biz müştəri-bank tərəfdaşlığında məsələnin yalnız ödənişlə kifayətlənməsini istəmirik. Müştəri bizim maliyyə tərəfdaşımızdır və ona həm də hesabatlıqda kömək etməyi hədələyirik. Bu əsnada da əməliyyat sistemlərimizi təkmilləşdiririk ki, müştəriyə daha çevik xidmət göstərə bilək.

Xatırladaq ki, “Paşa Bank”ın hazırki İnkişaf Strategiyası 2021-2023-cü illəri əhatə edir. Həmin strategiyada idarəetmədə “Agile” metodologiyasının tətbiqi, fəaliyyətin tam rəqəmsal transformasiyasının təmin edilməsi, müştərilərlə münasibətlərin təkmilləşdirilməsi və yeni maliyyə vasitələrinin əlçatan olması hədflənir.