Azərbaycan bankı səhmdarlarına dividend ödəməyə qərar verib

Maliyyə
  • 27 may, 2024
  • 15:51
Azərbaycan bankı səhmdarlarına dividend ödəməyə qərar verib

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) səhmdarlarına 185 milyon manat dividend ödəməyə qərar verib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bu gün ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın 2023-cü il üzrə kənar auditorunun təsdiqlədiyi maliyyə hesabatı təsdiqlənib, eyni zamanda ötən ilin maliyyə nəticələrinə əsasən, səhmdarlara dividendin ödənilməsinə qərar verilib. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi 15,1 % təşkil edir.

Bununla yanaşı, yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi növbəti müddətə təsdiqlənib və 2 üzv əlavə edilib. Yeni üzvlər Rüfət Əlimərdanov və Məcid Məmmədovdur. Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Azərbbaycan Mərkəzi Bankının müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Yığıncaqda həmçinin İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.

Səhmdarlar həmçinin əlavə səhmlərin buraxılması yolu ilə ABB-nin nizamnamə kapitalının artırılmasını qərara alıb. Səhmlərin buraxılması kütləvi təklif üsulu ilə həyata keçiriləcək və emissiya çərçivəsində zəruri olan digər əsaslar emissiya prospektində müəyyən olunaraq ictimaiyyətə məlumat veriləcək. Eyni zamanda, ABB-nin Nizamnaməsi və Müşahidə Şurası haqqında Əsasnamə yeni redaksiyada təsdiqlənib.