Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verir.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu AİİB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə keçirilən görüşdə qeyd edib.
Görüşdə Azərbaycanın 2016-cı ildən Bankla uğurlu əməkdaşlıq etdiyi və bu tərəfdaşlığın önəmi vurğulanıb. Bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti qeyd edilib.
Bankla Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə bankın maliyyə dəstəyi ilə ölkədə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə nazir özünün "X" sosial şəbəkəsində yazıb.
M. Cabbarov qeyd edib ki, görüşdə AİİB-lə Azərbaycanın əməkdaşlıq istiqamətləri, birgə fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi aparılıb.