Azərbaycan ADB-nin İqlim Maliyyələşdirilməsi Fonduna çıxış əldə edəcək
- 21 sentyabr, 2023
- 17:48
Asiya İnkişaf Bankının (ADB) prezidenti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində iqlim dəyişikliyinin həlli üzrə regional fəaliyyətin dəstəklənməsi üçün 750 min ABŞ dolları məbləğində texniki yardım ayrılmasını təsdiqləyib.
“Report” ADB-yə istinadən xəbər verir ki, ölkələrin cəmi iqlim öhdəlikləri, onların hamısı yerinə yetirildiyi təqdirdə, əsrin sonuna qədər qlobal istiliyin 2,5 dərəcə Selsi artmasına səbəb olacaq ki, bu da qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması məqsədini xeyli üstələyir.
“Bu məqsədi qorumaq üçün milli hökumətlər 2030-cu ilə qədər iqlim dəyişikliyi ilə bağlı fəaliyyət planlarını gücləndirməli və həyata keçirməlidirlər.
Qeyd etmək vacibdir ki, iqlim dəyişikliyi həssas qruplara, o cümlədən qadınlara, əlilliyi olan insanlara, kənd icmalarına və iqtisadi faydalara çıxışı məhdud olan insanlara qeyri-mütənasib şəkildə təsir göstərir.
Paris sazişi iqlim probleminin tanınmasını rəsmiləşdirib və artıq tədbirlər qlobal, regional və milli səviyyədə görülür. Lakin bu səylər hələ ki, kifayət etmir. İnkişaf bankı olaraq ADB iqlim dəyişikliyi ilə bağlı problemlərin həll edilməsi üçün tədbirlər görməyə çalışır. ADB iqlim dəyişikliyi sahəsindəki məqsədlərə nail olmaq üçün maliyyə imkanlarını artırmaq və özəl kapitalı səfərbər etmək məqsədilə çoxtərəfli inkişaf bankları tərəfindən islahatlara ehtiyac olduğunu qəbul edir. Birgə işləyərək ölkələr və inkişaf tərəfdaşları iqlim dəyişikliyinin təsirlərini əhəmiyyətli dərəcədə azalda və həssas icmaları qoruya bilər”, - bankın hesabatında deyilir.
ADB vurğulayır ki, CAREC ölkələri artıq iqlim dəyişikliyinin ciddi təsirləri ilə üz-üzədir və vəziyyətin gələcəkdə daha da pisləşəcəyi gözlənilir. Bank xatırladır ki, 2022-2023-cü illərdə regionda iqlim dəyişikliyi ilə birbaşa əlaqəli bir sıra fəlakətlər baş verib. Bunlara Pakistandakı dağıdıcı daşqınlar, Əfqanıstan və Çində əzabverici quraqlıqlar, Monqolustanda meşə yanğınları və sərt qış havası, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrində görünməmiş isti dalğaları daxildir.
“Bu hadisələr iqlim dəyişikliyinin insan həyatlarına və iqtisadiyyatlara daha da böyük təsirlərinin uzunmüddətli perspektivlərini açıq şəkildə xatırladır. Region ölkələri karbon emissiyalarını azaltmaq və dayanıqlığını artırmaq üzrə təcili addımlar atmalıdırlar”, - bankdan bildirilib.
Texniki yardım çərçivəsində prioritet regional iqlim investisiyaları üçün mövcud regional və qlobal iqlim maliyyə mənbələrindən resursların səfərbər edilməsi təmin olunacaq. İqlim maliyyələşdirilməsi resursları 2024-cü ildə işə salınması planlaşdırılan İqlim və Dayanıqlı İnkişaf Layihələrinin Hazırlanması Fondunda toplanacaq.
2024-cü ilin birinci rübündən 2025-ci ilin dördüncü rübünə qədər olan dövr ərzində CAREC-in iqlim üzrə regional işçi qrupunun yaradılması, 2024-cü ilin üçüncü rübündən 2025-ci ilin dördüncü rübünə qədər olan dövrdə isə CAREC regionunda qurumlararası idarələrarası iqlim əməkdaşlığı üçün strukturun hazırlanması planlaşdırılır.
2024-cü ilin birinci rübündən 2026-cı ilin dördüncü rübünə qədər CAREC regionunda regional aşağı karbonlu və iqlim baxımından dayanıqlı investisiyalar müəyyən ediləcək. Bu məqsədlə dövlət məmurları üçün iqlim maliyyəsinin səfərbər edilməsi və əldə edilməsi üzrə ən azı bir bilik mübadiləsi seminarının təşkil edilməsi planlaşdırılır.
CAREC-in iqlim üzrə regional işçi qrupu çərçivəsində iqlim dəyişikliyi sahəsində investisiyaların/layihələrin siyahısı 2024-cü ilin birinci rübü - 2026-cı ilin dördüncü rübü ərzində hazırlanmalıdır.
Bundan əlavə, digər mənbələrdən iqlimin maliyyələşdirilməsi ilə ən azı bir CAREC iqlim dəyişikliyi layihəsi konsepsiyası hazırlanacaq (2024-cü ilin ikinci rübü – 2026-cı ilin dördüncü rübü ərzində).
Texniki yardım Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edəcək.