Azər Mursaqulov: "Maliyyə Nazirliyi yaxın zamanda dövlət istiqrazları bazarına qayıtmaq niyyətindədir"
- 23 may, 2025
- 11:14
Maliyyə Nazirliyi yaxın zamanda dövlət istiqrazları bazarına qayıtmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu nazirlik yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.
"Əminəm ki, bir çox qiymətli kağızlar bazarının iştirakçılarında sual yaranır: Maliyyə Nazirliyi bu il niyə hələ də istiqrazlar yerləşdirməyib? Depozit hərraclarının keçirilməsi dövlət büdcəsində müvəqqəti sərbəst vəsaitlərin yaranması ilə bağlıdır. Belə şəraitdə bazardan əlavə vəsaitlərin cəlb edilməsi məqsədəuyğun olmazdı. Lakin bu müvəqqəti tədbirdir. Yaxın zamanda biz bazara qayıtmağı və məhz sizin gözlədiyiniz dövlət qiymətli kağızlarının buraxılışını bərpa etməyi planlaşdırırıq", - A.Mursaqulov vurğulayıb.